İnsanlaşın,  İnsanlaşdırın!

        İNAM  ATANIN (ASİF ATANIN)        MÜTLƏQƏ  İNAM  OCAĞI

      TÜRK PEYĞƏMBƏRİ İNAM ATA

MÜTLƏQİMİZ,  MÜQƏDDƏSİMİZ,  PEYĞƏMBƏRİMİZ   İNAM  ATAYA  ALİ  SƏCDƏYLƏ!

 

 

 

 

 

Mütləqə İnam Ocağının rəsmi saytı. 2008-ci ilin iyun ayından fəaliyyət göstərir.   

 
KUTSAL KİTABLAR
1.MÜTLƏQƏ   İNAM

2.MÜTLƏQLƏŞMƏK -
VAR OLMAQ

3.GÖRMƏK  İNSANİLİYİ
4.FƏLSƏFƏNİN TƏMƏLİ
5.KUTSAL  QURUCULUQ
6.İÇDƏN  YARANMA
7. HÜQUQDAN  HAQQA
8.ÖZÜLLƏR  ÖZÜLÜ
9.YOLLAŞAN  AQİBƏT
10.YETMƏLİ  OLDUĞUNUZ
 
 
 

 



İNAM ATA (ASİF ATA)
On Kutsal Bitiq'in (Onluğun)
Yan Bitiqləri
(Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı)
Birinci Yan Bitiq:

RUHANİ SƏNƏDLƏR

Mütləqə İnam Ocağına yönəlik

Atakənd
İnam Evi
30-il

Türkün (İlk) Ruhaniyyat Ocağı –
İnam Atanın (Asif Atanın)
Mütləqə İnam Ocağı

 

İNAM ATA
On Kutsal Bitiq'in (On Müqəddəs Kitabın – Onluğun) Yan Bitiqləri (Əlavə Cildləri).
Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı. Birinci Yan Bitiq (Əlavə Cild): Ruhani Sənədlər – Mütləqə İnam Ocağına yönəlik. Atakənd. İnam Evi. 30-il.

Yaradıcısının Adı ilə “İnam Ata Sivilizasiyası”, mahiyyətinə görə “Mütləqə İnam Sivilizasiyası”, ulus'al kimliyinə görə “Türk Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyası yaranmasına səbəb olacağı düşünülən dünyabaxışın fəlsəfəsi və ruhaniyyatı təqdim olunur.
Birinci Yan Bitiq'ə İnam Atanın, əsasən Mütləqə İnam Ocağına yönəlik Ocaq ilsırası boyunca yazmış olduğu və “Ruhani Sənədlər” adlandırdığı deyimləri, buyuruqları, dəyərləndirmələri və b.k. daxildir.

İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.

Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.

Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.

Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.

Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.

Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...

Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).

SAFRUHA


1. Kiçik çətinlikdə böyük çaşqınlıq göstərmədin. Ancaq “bizi tutacaqlar” – sözündəki təlaş Adi idi.
Özünü Yoxlamalısan!

2. Müqəddəs Əməlin konkret təcəssümü – Övladdan İnam, İdrak, Mənəviyyat, İradə tələb edir.
Qüdrətinizi aşkara çıxarmaq üçün – Məqsəd böyükdür...

3. Ata Mərasimi Tam dərk olunmayıb.
Bu, müasir dünyanın təsiri deyil, inkarıdır.
İndikilər Atanın əlini öpmür, cibinə girir.
50 illik Yubiley – Müasir Murdarlıq olardı.
Ata Günü – Müqəddəs Başlanğıc, Müqəddəs Hesabat, Müqəddəs Görüş günüdür.
Səcdə – Müqəddəslik Qaydasıdır.

4. Atayla Görüşmək istəyəni ”Əməl”də, “Səcdə”də, “Həyat Tərzi”ndə təsdiq olunan Qaydalar əsasında Ruhən hazırlayırsan.
Hazırlıqsız Görüş olmur.

5. İrəliləyirsən, ancaq Atanı redaktə etmək körpəliyindən əl çəkmirsən!...

6. Övlad Ata hüzuruna hazırlanmış Yazıyla gəlir.
Görüş yarım saatdan artıq olmur.

7. Müqəddəs Əmələ – Kəndlərdən Başlamaq olar. Qohumlardan, ən sınaqlı dostlardan.
Sonra rayona Müqəddəs Toxum səpmək olar.
İş yerində də Darıxan var.
Ancaq Karıxan daha çoxdur.
Satılan da Yox deyil.
Bu səbəbdən də ora münbit torpaq deyil.
Ancaq qadağan sahə də deyil!
Ruhunun Yetkin çağında Risk eləyərsən!

8. Şər Həqiqətin Düşmənidir.
Onunla Yalanla danışmaq lazımdır.
“Asif Əfəndiyevdən başqa Asif tanımıram!”

9. Azlığımız – Çoxluğumuzdur.

10. Təbii şəkildə, Vəhyin təsiriylə – Sonuncu Kitabça yaranır – “Rəmzlər”.
Gələndə - Ayın sonuncu beşinci günündə aparacaqsan.
Bununla da 6 Müqəddəs Kitabımız və 4 Kitabçamız olur.

11. Sənin Odu suyun içində qurtarmaq Missiyan – Müqəddəs Missiyadır və onun öhdəsindən Ləyaqətlə gəldin!
Ataya Müqəddəs Fərəh gətirdin!

12. Şər Atadan Zəifdir – Onun Safruhu Yoxdur!

13. Giriş Əvəzini (İnsanlaşın...) Müqəddəs Kitabların hamısına əlavə etmisənmi?

14. Ruhani Hökmləri ayırmısanmı?

15. “Müqəddəs Əməl”i köçür, əslini qaytar.

Xəzan Ayı, 7-ci il. Bakı.


SAFRUHA


Əsilə deynən, Muğama aid məqalə və plan (balaca dəftərdə) çamadandadır.
Çıxarsın, sabah gündüz saat Birdə gətirsin.

“Rəmzlər”i çap elə və gələn görüşdə 4 balaca əsərləri bir yerdə gətir, baxım qaytarım.

Giriş əvəzini kitabların hamısına əlavə et.
Eləmədiklərini Əsildəki çamadandan götür və tam nizamla.

Vəziyyət haqqında Mülahizə.
Müraciət Sözünü eşidiblər, oxuyublar və sənin vasitənlə Ataya çatdırıblar ki, elə iş görülməsin...

Müqəddəs Əməllə bağlı görəcəyin işlərin yetkin planını tut, Ataya gətir.
Plansız hərəkətə bulunma!
Tələsmə, həm də Fəalsızlığa qapılma!

Müqəddəs Kitablar heç kəsə verilmir, şərh olunur.
Tanınmış, Sınanmışlar Əsilgildə əsərləri köçürürlər.

Ağlına gələn ilk fikri, ürəyində doğan ilk duyğunu həqiqət sayma.
(Həqiqət olsa belə).
Onlara tay olan, yaxud onlarla döyüşən 4 başqa fikir və duyğu doğ, onlar ilkinləri ya ləğv edəcəklər, ya da onlara qayıdacaqlar.

Atanın məişətinnən məşğul olmağı Zəruriyyət say...

Ürəyin Qaranlıqları Yarsın.

P.S. Mənə Azərbaycan, Rusiya (SSRİ), Türkiyə və Dünya xəritələri lazımdır.
Özüm axtarsam, şübhələnərlər.
Onları mənim üçün tap.

Orxana, Anasına, Bacılarına Ata Uğurları!

25 Xəzan Ayı, 7-ci il. Bakı.

SAFRUH ÜÇÜN


1. Əmələ həsr olunmuş kitabçanın adını “Sədaqət” qoymaq.

2. Safruhun Kitabını “Ata işığında” adlandırmaq.

3. “Rəmzlər”də carçılar yox, çarçılar (yəni rus çarının sadiq bəndələri) səh. 66.

4. “Ruhani Hökmlər”i ayırmaq (o hələ bitməyib və uzun müddət bitməyəcək).

5. “Ata İşığı”nı Asif Ataya həsr olunmuş Epiqraf səviyyəli deyimlə başlamaq.
(Mücərrəd Atanın arxasınca getmirlər, canlı, şəxsi Atanın ardınca gedirlər).
(“Asif” sözü ərəbcə şiddətli külək – yəni əslində Ruh – deməkdir.
Evladlar Ataları üçün layiqli ad tapmayınca Asif sözü Müqəddəslikdə yaşamalıdır).

6. Ocağa Müraciəti adi günlərdə yaşatmaq, Ataya Müraciəti çətin günlərdə, Ülvi Günlərdə, Səfər üstə, Şərlə üzləşəndə, Xeyirlə görüşəndə özümləşdirmək (“Ocaq” – Atanın İşığıdır).

7. “Rəmzlər”də Bir torpaqda becərilməyən (yəni bar verməyən) səh. 41.

8. Mütləq Riayət:
Ataya təzim ideyasının bütün mərhələləri: baş əymə, sədaqətli ürək, müqəddəs əl.
Ata Təqvimi, Ata Yeni ili, Ata günü, Özüylə Döyüş, Ruhani Təkmilləşmə...
Müqəddəs Dəftərdə əks olunur.
Hər ay Görüş vədəsi Ataya təqdim olunur.
(“Evladlıq”da Tələb olunan Şərdən ayrılma, “İqbal” səviyyəsində, Ruhani Billurlaşma, Qorxudan azad olmaq, Yırtıcıdan azad olmaq, Xudbindən azad olmaq, Naşıdan azad olmaq, Əyyaşdan azad olmaq, Kölədən azad olmaq, Hərisdən azad olmaq, Şöhrətdən azad olmaq və s. yolunda səy, nəticə, Bugünkü, Sabahkı...).

9. Bir Ruhani vərəqə, sətir belə itməməli, qorunmalı, sabaha çatdırılmalı.
Ruhani Tariximiz – Ruhani Hesabatımız, Davamız.
(Təzə Kitab – Ruhani Tariximizə aid məlumatlar kitabı yaradılır, həmin kitab indi başlanır və qurtarmır).

10. Atayla görüş tarixləşir, təqvimləşir, Kəlamlaşır.

11. “Əməl”ə Mütləq Əməl!

Ürəyin Qaranlıqları yarsın.

Sərt Ay. 7-ci il. Bakı.


DÜNYAYA MÜNASİBƏT

Safruha, Sadiqə, Əsilə
1. Türkiyəylə, İranla, Ərəbistanla əlaqə yaratmaq gərəkdir.
Əlaqə - qeyri-siyasi, xəlqi olmalıdır.
Müqəddəs Kitablar həmin ölkələrdə Mütləqçi yetirə bilər, Mütləqçi Amalımızı həmin ölkələrdə yaya bilər.
Ata Yurduna gələnlər arasında imperiya casuslarıyla yanaşı, layiqli şəxslər də ola bilər.
Onlarla insani, ruhani münasibət Amalımıza kömək olardı.
Həyatını bu çətin işə həsr eləyən Evlad istəyirəm!

2. SSRİ-də yaşayan əski türk xalqlarıyla ünsiyyət yaratmalıyıq. Bunun üçün Müqəddəs Kitablar rus dilinə tərcümə olunmalıdır və yayılmalıdır.
Şərq xalqları biri-birinin dilini çoxdan yadırğayıb.
Bu işi öhdəsinə alan Evlad istəyirəm.

3. Müasir Şərq nəinki gözünü, hətta qulağını belə Avropaya uzadıb. Amalımız Avropaya çatmalıdır.
Bu işi görə biləcək Evlad istəyirəm.

Sərt Ay, Yeddinci il. Bakı.

 
SAFRUH ÜÇÜN


Ataya Səcdə Müqəddəsliyində Atanın portreti, büstü haqqında söhbətin ülvi mənası anlaşılmaz.
Bunu bugünkü bütpərəstliyin təsiri sayarlar.
Bu səbəbdən də həmin müddəanı Müqəddəs Qanundan çıxartmaq lazımdır.
Siz, Evladlar – Atanın surətini Amalımızın İfadəsi səviyyəsində dərk etsəniz, Zahirin Daxili Mahiyyətinə yüksəlsəniz – Atanın Portreti məsələsini hökmsüz də həll edərsiniz.
Ləyaqətinizin Tələbi bunu sizə öyrədər.

Sərt Ay, Yeddinci il. Bakı.
MƏLUMAT
Bu ayın 13-də Dövlət Təhlükəsizlik Komitəsinin Şöbə müdiri Tofiq Heydərov Ata Evinə gəldi.
– “Niyə çap olunmursunuz?
Niyə doktorluqla bağlı Moskvaya zəng vurmursunuz?
Niyə kitablarınızın nəşriylə maraqlanmırsınız?
Bilirik ki, dəyişməmisiniz...”

Dedim ki, “cavanlıqda müxtəlif balaca qazanlar qaynadırdım.
İndi bir Böyük Qazan qaynadıram”.
Çaşqın idi – narahat idi.
13 Qar – 7-ci il.

SAFRUH ÜÇÜN
1. Müqəddəs İllə Görüşə Ruhani səviyyədə hazırlaşırsan.
Qayda yazılıb.
Onun hərfinə və Ruhuna tam riayət etmək gərəkdir.
Görüşü Hadisəyə çevirmək lazımdır.
Texniki tərəfi hərtərəfli düşünürsən, Yetkin şəkildə hər şeyi Dəqiqliklə müəyyən eləyirsən, Əsillə birgə.
(Harada, saat neçədə, kimlə?)
Maqnitofon olsa – Ata Müraciətini yazarsan, bu təsirli olar; olmasa – oxuyarsınız Biriniz.
Məndən olsa – Sən.

2. Zəruri saysan, Atayla Mərasimlə bağlı ayda iki dəfə görüşə bilərsən.
İkinci həftənin beşinci günü, bir də əvvəlki.
Sənədlərimizi tənzim et, diqqətlə, məsuliyyətlə qoru.

Ürəyin Qaranlıqları Yarsın!
Qar Ayı.


SAFRUH ÜÇÜN


1. Zəruriyyət.
15 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 30 yaşı olacaq.
18 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 33 yaşı olacaq.

2. İnamsız həyat gənclik yavanlığını Yamanlığa çevirir.
Evladlaşdırmaq – Yamanlıqdan uzaqlaşdırmaq...
Qəddarlıq Yamanlığı görürəm gənclərdə, haramlıq yamanlığı görürəm gənclərdə, yabançılıq yamanlığı görürəm gənclərdə, bir hissəsində də məscid hədyanlığı, avamlıq...
Dəbbə arxasında hədsiz yazıqlıq...
(Yazıqlığın qəddarlığından olmaz!)
Dəhşətli Atasızlıq!
Bilmir nə eləsin, ona görə də yamanlıq eləyir cavan.
Lap uşaq yaşından yaşamır...

3. “Dindarlar Ataya daha yaxındır!” – fikri səhvdir.
Dünənkilər – bəli, bugünkü dindarlar – yox.
Onlar Xomeyni bədnamlığına yaxındır.
Qoyun mütiliyi onu yaratdı ki, südəmər körpələri analarının qucağından alıb raketin qabağına yollayırlar mollalar!
Bizə özümüzdən başqa Yaxın olan yoxdur...
Bu səbəbdən də başqalarını özümləşdirməliyik.
Dindarları yalançı İnamdan xilas eləməliyik, onlardan Evlad yetişdirməliyik və Dindarların xilasına göndərməliyik.

4. Müqəddəs İlimiz Novruz Bayramından fərqlidir. Onun vaxtını fərqli müəyyənləşdirmək lazımdır.
1 Günəş Ayı, 1979-cu il köhnə təqvimlə.

5. İllə görüş Qaydalarıyla Əsili tanış elə. O, Qaydayla tanış deyil.
Ruhani Hökmlər, “Sədaqət” Səfər ayağında Əsil tərəfindən öyrənilir.

6. Günəş Ayının başqa günündə də Müqəddəs İllə görüşmək olar.
Ancaq Novruzdan fərqli.
28 Köçəri Ay, 7-ci il. Bakı.

ATAYA MÜQƏDDƏS TƏZİM QANUNU


Baş əymək, əlini ürəyin üstünə qoymaq, Əlini öpmək.
Baş əymək – Hörmət rəmzi.
Ürək vermək – Məhəbbət rəmzi.
Əlini öpmək – Səcdə Rəmzi.
Biz sübut etmək istəyirik ki, dövlətdən başqa xalq da var.
Bizə sübut etmək istəyirlər ki, dövlətdən başqa heç nə yoxdur.

Akademiyanın kitabxanasında iki cavan və bir yaşlı Atanı izləyir.
Akademiyanın Arxitektura və İncəsənət İnstitutunda bir çaqqal sayaq adam Atanı izləyir.
Bulvarda bir yaşlı şəxs Atanı izləyir.
Akademiyanın bağında bir nəfər möhtəşəm bədənli Atanı izləyir.
Ata isə xüsusi qoruyucuya ehtiyac hiss eləmir.

Ataya elə təzə Evlad lazımdır ki, ətrafdakı həyatsızlıqdan, həyasızlıqdan, İnsansızlıqdan tam əl çəkə bilsin, Yeni Həyat həsrətiylə yansın, Bütünlüklə, Hərtərəfli Yalançı Dünyayla hesabını çürüdüb qurtarsın, Atalığa qovuşsun, özünü dünyaya qarşı qoya bilsin, İnamımızın təzəliyi, Bənzərsizliyi səviyyəsində yaşaya bilsin, kamilləşmə ləyaqətinə yüksəlsin!
Xalq bizə belə Evladlar verməyə qadirdir, ancaq səbrimiz də dərya boyda olmalıdır.

SAFRUH ÜÇÜN


Bənzərsizliyimiz: “Heç nə eləməyə-eləməyə” hər şey eləmək.
Ataya Təzim Qanununun Son, Yetkin çeşidini yazmışam.
Ona əməl eləmək – Müqəddəs Borcdur.

Seçdiyin, Dəyərləndirdiyin, Məsul olduğun Şəxsləri Ata Görüşünə hərtərəfli hazırlayanda həmin Qanuna Mütləq riayət Zəruriliyini də öyrət.
Əvvəl tərəddüd edib sonra Qayıdanlar tərəddüd çirkabını Əməl Suyuyla yumalıdırlar.
Tərəddüd bağışlanmır – Tərəddüdçü tərəfindən Murdar çirk kimi silinir.
Tərəddüdçü çox çətin və ağır Vəzifəni boynuna götürməli, həyata keçirməli, tərəddüdsüzlüyünü Əməllə sübut etməlidir.
“Mənə Ölümlə üzləşən İş Buyur – Naqisliyimi Yuyum!”
Tərəddüdçü bu ricayla Ata hüzuruna gəlməlidir.

“Müqəddəs İllə görüş”ü Ata Tələbinin hərfinə və Mənasına Mütləq Uyğunluq səviyyəsində keçirdin.
Mərasimi təsvir elə, hifz elə, Sabahkılara çatdır.
Tərəddüdçüləri, Qaçqınları dəvət etmə.
Say Ruhani hesabda əsas rol oynamır.
Vətəni Müqəddəs Ənənələr nuruna boyayacağıq!
Ruhaniyyat Düsturu: “Ucalıb Mənəvi Günəşə çatmaq, Günəş yerində dayanmaq!”

Ürəyin Qaranlıqları Yarsın!

Köçəri Ay, 7-ci il.


EVLADLARA


Ənənə yarandı.
Amalın Əməl dövrü başlandı.
Mübarək gündür Günümüz!
Nəbini Oğulluğa götürürəm.
Onun oğulluğunu halal sayıram.
Evimdə gözləyirəm.
Safruhum, Əsilim, Halalım.
Üçüm – Üç Dünyam.
Ürəyinizdəki Mütləq Sizə Yar olsun.

Müqəddəs Gün. 8-ci il.
Bakımız.

HALAL ÜÇÜN


Adını Halal qoydum – adına layiq olasan!
Ömrünü səndən alıb Amala həsr elədim – Amallaşdırdım!

Ürəyin qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə yar olsun!

23 Günəş Ayı, 8-ci il.

SAFRUH ÜÇÜN


1. Şər oynadılır və buna görə də qeyzlənir.
Qorxuda bilmir, bu səbəbdən də qorxur.

2. Yazılarında “Ata Şər qeyzində” bölgüsü ayır.

3. Şər Evladlara ciddi təsir edəcəyinə inanmır, cüzi təsirə ümid bəsləyir.
Cüzi təsir belə Evlad üçün Məğlubiyyətdir.
Evladlarımdan Məğlubiyyət gözləmirəm.

4. Oxucu haylayırsan: Kitablarımızın hər sətrini, nöqtəsini, vergülünü gözünə təpəcəklər – saysız-hesabsızdır.
Ancaq Şər Müqəddəs Sözün hər hərfi üçün ələk-vələkdir: ələ keçirsin, yandırsın. Oğlum nədənsə unudur ki, Atanın hərəkatımızla bağlı düşünmədiyi, daşınmadığı məsələ yoxdur.
Əgər Ata Vacib bir məsələni görmürsə, o, nə Atadır?
Ruhaniyyatda Mütləq səbrə xilaf çıxmaq – qeyri-yetkinlik sayılır.
Bizim bənzərsiz vəziyyətimizdə o, ciddi zərər törədər.

5. Hərəkatımızın Adı Bəllidir: Asif Ata Hərəkatı.

6. Zamanla Təmas Qaydası (Diplomatiya əvəzinə): Əlçatmazlıq, Bənzərsizlik, Müstəqillik.

7. Müqəddəs Kitabları Ata səsiylə Maqnitofona yazmaq lazımdır.
Bununla Şərin bəd niyyəti puç olur.
Əsillə birgə hərtərəfli düşünün: nə vaxt, harada, hansı müddətdə neçə kaset gərək olacaq, maliyyə problemi.
Vəziyyəti hazırlayın.

8. Əmələ başlayın, Səfərə çıxın, xalqı Amallaşdırın.
Bunun üçün nə lazımsa deyilib, yazılıb – İnamınıza hopdurun, İdrakınıza həkk eləyin, Mənəviyyatınıza çiləyin, İradənizə calayın.
Amala layiq Əməl tələb eləyirəm sizdən.

9. Evlad Savadı – Müqəddəs Kitablar.
Hər sətrinə qovuşmaq.
Ürəyiniz Qaranlıqları Yarsın!
Daxilinizdəki Mütləq Sizə Yar Olsun!

20 Günəş Ayı, 8-ci il. Bakı.

(“Atayla Görüş” dəftəri tut, ora yaz.
Əslini qaytar. Əsilə oxu).


MƏLUMAT

1. Dünən Heydərovla görüşdük.

2. O, sübut etmək istədi ki, Safruh “Ata məndən müraciət tələb elədi” – deyib, “Əsərlərimi çap elə” – deyib.
Mən sübut etdim ki, Safruhun Ocaqla, Atayla heç bir əlaqəsi olmayıb və yoxdur; o, yalnız filosof-tənqidçi Asif Əfəndiyev tanıyır, onu evində bir neçə gün qonaq saxlayıb, avtoreferatını çap eləyib.

3. Heydərov Safruhun Müəssisəyə təqdim etdiyi yazısını görsətdi və mən bildim ki, Safruh Ata hökmünə tam əməl eləyib və heç bir sirr verməyib – əslində Müəssisə heç nə bilmir. (Özünü hər şeyi bilən görsətsə də).

4. Safruhun sevimli Qardaşı Sadiq haqqında “Gombul” ifadəsini daxili qeyzlə yazdığını, “Atayla əlaqəni kəsməyə söz verirəm” patetikasında daxili inamı bariz hiss etdim.

5. Ən ibtidai və şablon bir üsulla: Evladla Ata arasında münaqişə yaratmaq; Ataya “Evlad satqındır”, Evlada “Ata naqisdir” – Fikrini təlqin etməklə – döyüşürlər.
Əlifba səviyyəsində Fənd qururlar, çünki başqa səviyyələri yoxdur.

6. Güman eləyirlər ki, Ata Təzə bir iş görür.
Nə iş, harda, necə – gümansızdırlar.

7. Atanı cismani Ailə çərçivəsinə salmaq, keçmiş həyat yoldaşını onun üzərində nəzarətçi qoymaq, məişətləşmə bəxtiyarlığına yüksəltmək cəhdi var.
Bu, deyəsən, hələlik Müəssisə müdrikliyinin zirvəsidir.
Yəqin ki, Safruha da buna bənzər iqbal “hazırlayırlar”.
8. Tam əmin oldum ki, Müəssisəylə münasibətin Ata Xətti özünü tam doğruldur.
Onun hərfinə və Ruhuna əməl etmək – Müqəddəs Borcdur.

28 Günəş Ayı, 8-ci il. Bakı.

 

SADİQİN ATAYURDA QAYITMASI


1. Sadiqin Vətənə gəlişini Ruhani Mərasim səviyyəsinə qaldırmalı.
Sadiq bir daha Atalı, Yurdlu, Qardaşlı olduğunu bilsin.

2. Halal qardaşını vokzalda gül-çiçəklə qarşılayır.
O biri gün Safruh öz evində Sadiqin şərəfinə Ruhani Məclis düzəldir.

3. Atanın hüzuruna gəlməmişdən əvvəl Sadiq Amalla (Müqəddəs Kitablarla) tanış olur, görülənləri, Vəziyyəti, Məqsədi, Vəzifəni öyrənir.

4. Sadiq Atanın Ziyarətinə - Qayıtmanın üçüncü günü gəlir.
Yazılı şəkildə İnamını, İdrakını, Mənəviyyatını Ataya təqdim edir.
“Ömrüm sənindir, Ata. Al. İstədiyin kimi sərf et” – deyir.
Görüş axşam saat 11-də başlayır, 11.15-də qurtarır.

5. Mərasim yazılır, saxlanılır.

28 Günəş Ayı, 8-ci il. Bakı.


HALAL ÜÇÜN


Ömrü Həyata sərf eləmək olmaz.
Ömrü Amala sərf eləmək gərəkdir.
Ömrü bugünə sərf eləmək olmaz.
Ömrü sabaha sərf eləmək gərəkdir.
Amalımızın bənzərsizliyinə qovuş.
Sabahımızın bənzərsizliyinə qovuş.
Halal adını sənə halal edirəm.
Səni evladlığa qəbul edirəm.
Ata qarşısında xəcil olmayasan!
Amal qarşısında xəcil olmayasan!
Sabah qarşısında xəcil olmayasan.

6 Ümid günü, Çiçək Ayı, 8-ci ildə təzədən doğuldun!

Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə yar olsun!

6 Çiçək Ayı, 8-ci il.

(Qeyd: Həyatda adı Nəbi idi. Ocaqdan çıxdı).

SAFRUH ÜÇÜN


1. Atayla Görüş 15 dəqiqə ərzində baş verir.
Yazılar Ataya təqdim olunur və Ata Yazılara cavab verir, Hökmlər, Məlumatlar şəklində yazılı Təmaslar.
Tapşırıqlar. Səssiz Səcdə.
Hər dəqiqə Mütləqiləşir.

2. Maqnitofona Ata müraciətinin yazılması Atanın Düşünülmüş hərəkəti idi və o, özünü tam doğrultdu.
Bu, görüşün Qaydalarını dəyişmir.

3. Halalı Evladlıq zirvəsinə qaldırmaq yolunda yorulmaq bilmə.
Bununla özün də Evladlıq zirvəsinə yüksəlirsən.

4. Safruhun Ataya Yeni İl Sözü, Evladların Müraciətindən daha hərarətli, daha Məhəbbətli, daha Səcdəli idi.
Əminəm ki, o həqiqətə daha uyğundur.
İşgüzarlıq Səcdədən ayrılanda – sönükləşir.
Səcdə Müqəddəsliyi – Ruhani Günəşdir, isindirir.
Səcdə – Evlad Dilidir.
Evlad öz Dilində danışır.

SAFRUH ÜÇÜN


1. Halala Ruhani Biliyi halal elə.

2. Tamam Tamamlanmalı, İnallanmalıdır.

3. “Muğam Fəlsəfəsi” yazıldı.
Tədqiqat olsa da, Amallıdır.
İmkan daxilində, Səfərdən qalmamaq şərtiylə, makinadan çıxart.
4. Əkin Ayı Yox, Yağış Ayı. Belə deyilib, belə də oxunsun.

5. “Qətiyyən Tələsmə! Qətiyyən gecikmə!”

6. Əsili, Halalı Təzə Kəlamlarla, Hökmlərlə yaraqlandır.

7. Atayla Görüş Mütləq mənada 15 dəqiqədə bitməlidir. Bu, Ürəyin hökmü deyil, İradənin hökmüdür: “Yazdığın Ataya təqdim edilir, Yazılan aparılır”.

8. Şəkillər haqqında: Qaranlıq Fotolarda Müqəddəs Məqamın İşıqları görünür.
9. Halal Ata hüzuruna gələ bilər:
Suallarıyla saat 11-də, 15 dəqiqə ərzində.
Yazılı Suallara Yazılı Cavablar almaq üçün.

10. Ata Kəlamının, Hökmünün ən cüzi vergülünə əməlsizlik Ocağa xəyanətdir.
Bizdən əvvəlkilər Mütləqiliyi pozdular, ona görə də Müqəddəslik söndü.
Dərs almayan Dərs verməz!

Ürəyin Qaranlıqları Yarsın!

16 Qismət günü, İşıq Ayı, 8-ci il. Bakı.

SAFRUHA, SADİQƏ, ƏSİLƏ, HALALA


Tələsmədən və gecikmədən əməl etmək:
1. Evladlıq Nişanəsi (müasir dildə: vəsiqəsi, pasportu və s.) hazırlanır. Dörd səhifədən ibarət, qabıqlı. Ürəyin başında saxlanılır, yağıya verilmir!

2. Üz qabığında: Atanın şəkli, “İnsanlaşın, İnsanlaşdırın!” kəlamı.

3. Birinci səhifədə: Evladın şəkli.
Ad: Atanın verdiyi.
Nəsil: Atalı.
Doğulduğu vaxt: Ocaq ili.
Vətən: Atayurd.
Amal: Asifçi.

4. Dördüncü səhifənin sonunda: “Ata Ruhunu Ürəyimdə Aparıram!” nidası, Atanın İmzası, Tarix.

5. Üçüncü səhifədə: “Mütləqim – Asif Ata.
Rəngim – İşıq.
Rəmzim – Ocaq.
Bayrağım – Vicdan.
Yarağım – İnam!” kəlamı.

6. Bədiiyyat, nəfslik, ciddilik əsasında təzə biçim tapmaq. Düşünmək, daşınmaq, xəyalı, mənəviyyatı səfərbər eləmək və həmişəyaşar mənaya layiq Biçim seçmək, Ataya təqdim etmək...
Sabahı göz önündə tutmaq.
Məsuliyyətlə yaraqlanmaq!

7. Hələlik 10 nüsxəylə kifayətlənmək.
Birinci nüsxə Safruhun, ikinci – Sadiqin, üçüncü – Əsilin, dördüncü – Halalın adına yazılır.
Sizə müqəddəs işdə ruhani uğurlar diləyirəm!

(Safruha: “Pünhan” sənədi üçün qoru)

18 İnam günü, İşıq Ayı, 8-ci il. Bakı.

SAFRUHUMA


1. Fəlsəfi Nəqaratın gözəldir.
Qeydlər: nazlı dalğalar yox, ərşə qalxan dalğalar, yaxud başqa bir şey.
50 yaş qeyd olunmur, Ata Günü qeyd olunur.
Son cümlədə duyğu natamlığı var.
Daha qəti duyğuyla qurtarmalıdır nəqarat.
Son Akkord Qətiliyi!
“Rus xalqının əleyhinə deyilik!” – etirafına ehtiyac yoxdur.
Bu, Fəlsəfəmizin əlifbasından bəllidir.
Kiməsə nəyisə sübut eləmək Müqəddəs Məqama yaramır.

2. Təzədən makinadan çıxart, qaralama olmasın.

3. Ruhani Sənədlər Dəftəri (Papkası) ayır.
Ora Əməl, Ataya Səcdə, Ruhani Hökmlər və b. Yazıları yığ.

4. 25-dən Yeni Mərhələ başlayır.
Həmin günə Layiq olun.

5. “Təzadlar”ı ayrı da çap eləyə bilərsən, sonuncu kitabla da birləşdirə bilərsən.
Üçünə Ümumi Ad 25-də deyiləcək.

6. Tamamın Atayla Görüşünü hazırla (“Əməl”, “Ataya Səcdə Müqəddəsliyi” əsasında).
25-də iştirak edə bilər.
Evdə Vaxtını müəyyənləşdirin.
25-də deyərsən. Tamam – Evlad olacaq.

7. Ya sənin gündəliyin, ya da Aslanın dostunun gündəliyi oxunub.
Səbəb odur.
Heç nə dəqiq bilinmir.
8. Maddi problemin həlliylə ciddi məşğul olacağam...
Sənin ağır yükün Mütləq yüngülləşməlidir...
İşığı qorxuram kəsələr...
Tapmasan, gəl maaşımdan apar...
Hər şey gözləmək olar qeyrətsizlərdən.

9. Yuxuda gördüm ki, Şərin başını kəsmisən.
Ancaq sonra baş bədənlə bir təhər birləşdi və ölü səslə dillənməyə başladı.
Şər bizə qələbə çala bilməz.
Çünki həm Atasızdır, həm də Evladsızdır.
Mütləq sənə Yar olsun!


MƏLUMAT


Səfər mərhələsini İyləyən Şər Atanın qulağına maddiyyat çöpü soxdu.
Atanın Aylıq maaşını kəsdilər.
Vəziyyətdən Sizsiz, özüm çıxdım.
Şərin iyrənc kassa fəndi bu dəfə də baş tutmadı.

29 Mərhəm günü, İşıq Ayı, 8-ci il. Bakı.

SAFRUHA


“Ata İşığında” kitabının birinci cildiylə bağlı.

Qadın deyirsən – Amal deyəcəksən!
Gözəllik deyirsən – Amal deyəcəksən!
Ad-san deyirsən – Amal deyəcəksən!
Bugün deyirsən – Sabah deyəcəksən!
Nisbi deyirsən – Mütləq deyəcəksən!
Mütləq deyəcəksən!

30 Qismət günü, İşıq Ayı, 8-ci il.


SAFRUHA


Saf duyğuların, düşüncələrin mübarək!
Kitabın haqqında heç bir tənqidi mülahizə deməyəcəyəm.
Vaxt gələr, özün Amal işığında kitabındakı qüsurları görərsən.
Buyuruğum:
Amalımızın Ruhuna uyğun olan, Məqsədimizə bilavasitə xidmət edən, Tam Yetkin, Əməlli Deyimlərdən Nisbətən daha qısa, bəlkə də bir cildlik Ruhani Kitab hazırlayırsan (“Ataya Doğru” Yetkin Addır).
Sabahyönlülər üçün. Sabahlılar üçün!

“Qadın öpüşünün dadını” biz də görmüşük, ancaq bəşəriyyətin bundan başqa da dərdləri var!
Cildləri Ruhani Suda yuyursan, sıxırsan, sonra Günəşdə qurudursan və Saf Kitab yaranır.
Sənin bugünkü səviyyəni qabaqlayan, Sabahkı səviyyəni ifadə edən kitab.
“Sosializm bütün vəziyyətlərdə – köləlik, məzlumluq yaradır.
Kapitalizm bütün vəziyyətlərdə – yırtıcılıq, zalımlıq yaradır.
Yeni cəmiyyət, İnsani cəmiyyət, Ruhani cəmiyyət gərəkdir.
Sosialist Azərbaycanı elə Sovet Azərbaycanı deməkdir!
Amaldan başqa Gözəllik və Sevgi yoxdur!
Cismani gözəllikdən vəcdə gəlmək asandır, Ruhaniyyat əsil Aşiqlikdir, bunun üçün Təzə İdrak lazımdır.
Həyat Amalın kölgəsidir, ancaq naşı gözlərə Amaldan canlı görünür.
Təzə göz gərəkdir”.
Amalımızın bu çox adi qənaətləri işığında Kitab bağçanı ağac-ağac, meyvə-meyvə gəz və Ocağımız üçün Ləyaqətli saydığın meyvələrdən bir əməlli Səbət bizə təqdim elə.
Evladlar üçün Ruhani kitab yaranar, yaşayar.
Gərəkli işində Uğurlar diləyirəm.
31 Murad günü, İşıq Ayı, 8-ci il.

SADİQİM ÜÇÜN


Ürəyimdə görürdüm ki, Ata Ruhunu ürəyində gəzdirirsən.
Ata Yurda qayıtman sevincimizdir!

Sadiqimə hökmüm:
1. Təmas vəzifəsi.
Şərqiyyə, Yeganə, Yaqut, Etibar sənin Ata Yurda qayıtmanı bilməlidirlər.
Bakıdan kənara çıxmadan, yetkin ustalıqla, ləyaqətli məharətlə onlara gəldiyini bildirirsən; evladlar səni tapsalar, Atayla görüşə Müqəddəs həsrət və yanğıyla can atsalar, onları Ata Hüzuruna hazırla (“Sədaqət” kitabında toplanmış kəlamlar və hökmlər əsasında), Ad qoyma mərasiminə yüksəlt!

2. Xalqlaşma vəzifəsi.
Müqəddəs Kitablar, Amal və Əməl yeni, daha kamil şəkildə xalqa çatdırılır.
Xalq – ailələşir.
Bakıda ailələşmə əməli sənə tapşırılır.
“Sədaqət”i öyrən, öz fikirlərini, tədbirlərini Ataya təqdim et, əmələ başla.

3. Dünyalaşmaq vəzifəsi.
Amalımız imperiyanın bütün ərazisinə, Şərqə, Qərbə yayılmalıdır. Rəsmi dairələrlə yox, diplomatik idarələrlə yox, xalqlarla, insanlığa can atan adamlarla ruhani əlaqə yaratmaq! Onları Amal Müqəddəsliyiylə nurlandırmaq!
Tələsmədən və gecikmədən ardıcıl şəkildə genişlənməliyik!
Bu haqda fikirlərini, tədbirlərini Ataya təqdim et və əmələ başla.

4. Maddi müstəqillik vəzifəsi.
Maliyyə məsələsini bir dəfəlik həll etməliyik, kassa təzyiqindən qurtarmalıyıq, hərtərəfli maddi təminata nail olmalıyıq.
Bu haqda mülahizələrini, tədbirlərini Ataya təqdim et, öz töhfəni ver.

5. Pünhanlıq vəzifəsi.
Şərlə həqiqət dilində danışılmır, çünki o bu dili bilmir.
Şərə sirr verilmir.
Atayla, Ocaqla münasibəti yalnız Safruh, Əsil və Halal bilməlidir.
Digərlər – özgələrdir.
Hər ayın 1-də Ata Hüzuruna gəlirsən...
Yazdığını Ataya təqdim edirsən – yazılanı oxuyursan.
Görüş axşam saat 11-də başlayır və 11.15-də qurtarır.

6. Kamilləşmə vəzifəsi.
Daim, ardıcıl şəkildə Mütləq İnama yüksəlmək, Mütləq İdraka yüksəlmək, Mütləq Mənəviyyata yüksəlmək, Mütləq İradəyə yüksəlmək!
Özünlə mətinli təmas!
Müqəddəs Kitabları öyrənmək, onlara qovuşmaq, onlarla bir olmaq...
Balaca “Mən”ə güzəştə getməmək, böyük “mən”ə xəyanət etməmək!
Birimiz min olmayınca minlər bir olmayacaq!

Ürəyiniz qaranlıqları Yarsın!

1 Şölə Ayı, 8-ci il. Bakı.

(Qeyd: Ata onu 16-cı ildə Ocaqdan çıxartdı... Həyatda adı Yadulla idi).

OĞLUM ƏSİLƏ


Müqəddəs Kitablar, Ata Kəlamları, Hökmləri sənin evində öyrənilir, kənara çıxarılmır.
Evladlar üçün dəqiq vaxt ayır.
Tədbiri Yüksək İdraki səviyyədə hazırla.
Bir saniyə belə boş keçməsin.
Hər dəqiqə mənimsənilsin!
Şər ilan kimi qıvrılsın, ancaq heç kəsi çala bilməsin!

2. Dərk elə ki, Asifçilər döyüşür, ancaq bu döyüş başqa döyüşlərə bənzəmir, elə onun Müqəddəsliyi bundadır!
Bənzərsizik, ona görə də məğlubiyyət tanımırıq.

Ürəyin qaranlıqları Yarsın!

23 Arzu günü, Şölə Ayı, 8-ci il.

(Qeyd: Ata onu 13-cü ildə Ocaqdan çıxartdı... Həyatda adı Elxan idi).

ATA – EVLAD VƏHDƏTİ

Safruha

Mütləq Həqiqəti Evladlara Mütləq səviyyədə çatdır.
“Mənim üç atam var!” – deyəndə Evladlar anlamalıdırlar ki, bu səni üç sifətli eləmir, bütövlüyünü parçalamır, Asifçiliyini üçdə birə endirmir.
Özün üçün bir məsələni tam aydınlaşdırmalısan: Kamal Atatürk Asif Ata üçün keçmiş mərhələdir. Sənin Kamal Ata Evladlığın da Asif Ata üçün keçmiş Evladlıqdır.
Üç Atalıq mərhələsi mütləq bir Atalıq həmişəliyinə çevrilməlidir! Vahid Ata olmayan yerdə Mütləq Vəhdətdən danışmaq olmaz!
Üç Atalıq – əslində Nisbi Atalıqdır!
Mütləqçiliyə yaraşmayan Atalıqdır!
Cismani Ata Evladı həyata gətirir, Tarixi Ata onu Ruhani Ataya qovuşdurur, Ruhani Ata Evladı Amallaşdırır, Sabahlaşdırır.
Ata Birdir, Mütləqdir – ancaq ona doğru Yol çoxatalıq mərhələsindən keçir.
27 Şölə Ayı, 8-ci il. Bakı.

EVLAD YÜKÜ


Ata Xalq Çayına enərdi, Həqiqət Tilovu atardı, Qeyrət Balığı tutardı.
Şər Xalq Çayını Ataya yasaq elədi.
İndi Evlad Həqiqət Tilovu atmalı, Qeyrət Balığı tutmalıdır.

27 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı.

 

SADİQİMƏ


Ehtiramın pakdır!

1. Ata Gününə qədər (Ata Ayı 25) nişanə hazır olmalıdır.
Bənzərsiz, həmişəlik, müqəddəs biçimdə.
Ata Ayının 1-də Ata hüzurunda nişanənin son biçimi Ataya təqdim olunur.
Ata Günündən bir gün əvvəl nişanə Ataya göstərilir.

2. Ata Gününə qədər maqnitofon hazırlanır ki, Günü, Ata Müraciətini, evladların Ata haqqında sözlərini, ümumən ruhani mərasimi yazasınız.

3. İtirdiyin sərvəti tap və Ata rəsmini oradakı şəkillər əsasında nişanəyə köçür (təzə səviyyədə).

4. Döyüşdəyik!

Ürəyin qaranlıqları yarsın!

1 Ümid günü, Od Ayı, 8-ci il. Bakı.


SAFRUH ÜÇÜN


1. Heç nə dəyişmir. Şər əməlin ahəngini poza bilməz.
Ata Günü vaxtında, ruhani səviyyədə keçirilir.
Bu inam günü saat 12-də Atanın şəkli çəkilir...
Evladlar Ata hüzuruna vaxtında gəlirlər.
Təhlükədən cəsarət hasil olunmalıdır.

Sadiqim Ata Hökmü əsasında nişanə tapşırığını Mütləq Mənada həyata keçirməlidir.

2. Atanın şəkli nişanənin üz qabığında yox, birinci səhifədə əks olunur.
“İnsanlaşın, İnsanlaşdırın!” çağırışı, “Asif Ata” imzası şəkillə bərabər həkk olunur.
Nişanə bənzərsiz, müqəddəs biçimdə, şərqi bədiyyat cizgilərində yaradılır.
Həmişəlik yaşamaq üçün!
Mütləq məsulluq yükü düşür çiyninizə.
Ata qiymət verəcək səyinizə!

3. Nişanənin üz qabığı Ata Hökmü əsasında rəmzləşir.

4. Ata gününü övladlar yubiley hərcayiliyi saymasınlar.
Bugünün idrakını idraksızlıq sayırıq.
Ata Günü – Atanın evladlarla müqəddəs təmas günü, təzə Ata Sözü məqamıdır, evlad ülfətinin təzahür ülviyyətidir, həm qədim, həm bənzərsiz ənənənin yaranmasıdır, Amalımızı, sabahımızı təsdiq etmək üsuludur.

5. Qəlbini evladlıqda saxladım.
Tövbəsi – qəlbiydi.
4 – nömrəli nişanəni ona yazın.
5 – nömrəlini Halala.

6. Ata Günü nişanə mərasimiylə bitir.
Ata Nişanəni evladlara bir-bir təqdim edir, evladlar bir kəlməylə Ataya cavab verirlər, ehtiram göstərirlər. Kəlmə ürəkdən, evlad idrakından, inamından süzülür. Hər kəs öz istədiyi kəlməni deyir. Təqdimat bitdikdə evladlar birlikdə Ataya səcdə qılır, sonra müqəddəs zəncir həlqəsi şəklində əl-ələ verib, evlad vəhdəti ifadə edirlər.
(Bu mərasimi hərtərəfli düşünün:
Bənzərsiz və yetkin alınsın!)

7. Bütün əməl bir saatın içində bitməlidir.
Ömür qısa – yol uzundur.

8. Adlanmamış – evlad sayılmır, Müqəddəs Kitablara layiq görülmür.
Müqəddəs kitablar öyrənilir və Əsilə qaytarılır.
Müqəddəs Odun qorunması, yağı əlinə keçməməsi – mütləq məsulluqdur. Həmin məsulluqdan məhrum olmaq – evladlığı öldürməkdir.

9. Sözü əməldən cüzi də olsa ayırmaq – yağılıqdır.
Ata evladlardan ləyaqətli Ata Günü gözləyir. Ləyaqət sözünə layiq!

10. Əsil odu şər yağışından çıxara bildi.
Həm də özünü öyrənmək üçün dərs qazandı.

11. Evladların üç əməli: Amalı öyrənmək, özüylə döyüşmək, ailə yaratmaq...

12. Evladların bir evladsızlığı: Ata Sözündən çıxmaq.

Ürəyin qaranlıqları yarsın!
Mütləq sənə yar olsun!

25 Qismət günü, Od Ayı, 8-ci il. Bakı.


HALALA


1. Bir qayğımız var: Amallaşma – amallaşdırma.
Üç borcumuz var: Müqəddəs Kitabları öyrənmək – öyrətmək; özünü dəyişmək – kamilləşmək; Ata ailələri yaratmaq – təmsil etmək, Atanın cari buyuruqlarına əməl etmək!

2. Ata Gününə müqəddəs məsuliyyət hissiylə hazırlaşın! Ata ləyaqətinə layiq! Evlad sədaqətinə layiq!

3. Bugünlə daxili əlaqəni tam kəsməlisiniz.
Antibugün səviyyəsində düşünməli, duymalı, yaşamalısınız.
Natamlıq, adamlıq səviyyəsini bütünlüklə rədd etməlisiniz!

4. Ata kəlamlarının hərfini belə, müqəddəs tutun!...
Mütləq Həqiqət Mütləq Əməl tələb edir.
Ata əməlinə riayətdə cüzi nisbilik – həqarətdir!

5. Münaqişəsiz, mübahisəsiz, həsədsiz, rəqabətsiz evladlıq – qardaşlıq, bacılıq normasına Mütləq Əməl! Atanın evladları biri-biriylə Mütləq mənada Ruhani Birliyə qovuşmuş kamillərdir!

6. Gələn əsrdə yetkinlik vədəsinə çatacaq 15 yaşlılardan başlamaq lazımdır ailə yaradıcılığına.

7. İdrakınızı nar kimi sıxın, Mənəviyyatınızı nar kimi sıxın, İradənizi nar kimi sıxın, qeyri-adi güc lazımdır Amalımıza!
Adi güc azdır!

8. Ömrün çox hissəsi, vaxtı, məqamı (əslində hamısı) Amala həsr olunmalıdır...
Amala həsr olunmayan nə varsa – hədər gedəndir.
Düşünün, daşının, ömrü hədər verməyin!
Ömrün çoxunu antiamala, azını Amala həsr etməyin!
Fərəhinizi göz bəbəyiniz kimi qoruyun!

9. Həmişə qanadlı olun, ruhani qələbə məğlubiyyət tanımır.

10. Şər məzhəkələşir, öldürmək istədiyi halda güldürür.

Ürəyiniz qaranlıqları yarsın!
Daxilinizdəki Mütləq sizə yar olsun!

15 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı.

1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 -10 - 11 - 12
Yazı arxivi
FƏLSƏFİ-BƏDİİ TƏNQİD
BAŞQA ƏSƏRLƏR
LİNKLƏR


Səhifənin başına qayıt