İnsanlaşın,  İnsanlaşdırın!

        İNAM  ATANIN (ASİF ATANIN)        MÜTLƏQƏ  İNAM  OCAĞI

      TÜRK PEYĞƏMBƏRİ İNAM ATA

MÜTLƏQİMİZ,  MÜQƏDDƏSİMİZ,  PEYĞƏMBƏRİMİZ   İNAM  ATAYA  ALİ  SƏCDƏYLƏ!

 

 

 

 

 

Mütləqə İnam Ocağının rəsmi saytı. 2008-ci ilin iyun ayından fəaliyyət göstərir.   

 
KUTSAL KİTABLAR
1.MÜTLƏQƏ   İNAM

2.MÜTLƏQLƏŞMƏK -
VAR OLMAQ

3.GÖRMƏK  İNSANİLİYİ
4.FƏLSƏFƏNİN TƏMƏLİ
5.KUTSAL  QURUCULUQ
6.İÇDƏN  YARANMA
7. HÜQUQDAN  HAQQA
8.ÖZÜLLƏR  ÖZÜLÜ
9.YOLLAŞAN  AQİBƏT
10.YETMƏLİ  OLDUĞUNUZ
 
 

Əsəd Cahangir

Asif Ata fenomeni

Azərbaycan Yazıçılar Birliyində İnam Ataya həsr olunmuş tədbirdəki çıxışı

(14.02.2011)

Tənqidimizdə mən Asif Atanı fenomenal, nə özündən öncə, nə də sonra hələ də təkrarlanmayan, tamamilə yeni cığır açan və özündən başqa bir tənqidçinin getməyə cəsarət etmədiyi fenomenal fiqur hesab edirəm. O, tənqiddə bütöv bir məktəb yarada bilərdi.
Ümumiyyətlə, Asif Atanın irsi ilə tanış olanlar onun yaradıcılığını üç mərhələyə bölə bilərlər: tənqidçilik, filosofluq və peyğəmbərlik dövrü. Bunların hər üçündə Asif Ata orijinal idi: tənqidçi kimi də, filosof kimi də, hətta peyğəmbər kimi də. O, hansısa müqəddəs kitabdan gələn fikirləri sadəcə təkrar etmirdi. Tamamilə orijinal fəlsəfə, inancla çıxış edirdi.
Asif Atanın “Müdriklik səlahiyyəti” kitabında belə bir yer var: “Bir var ağıl, bir də var ürək. Ağıla daha çox soyuqqanlı mühakimə xasdır. Ürək isə daha çox emosional, impulsiv keyfiyyəti ilə tanınır.” Asif Atada bunlar birləşirdi. İlk dəfə olaraq o, “qaynar zəka” ifadəsini işlətmişdi. Yəni ürəkdə qaynarlıqla, ağıldakı zəka birləşir. Yəni başqa sözlə desək, bu, intuisiya, ürəyədamma, vəhy, peyğəmbərlik demək idi. Peyğəmbərlikdə həm ağıl, həm də ürək birləşir. Amma o, nə sadəcə ürəkdir, nə də sadəcə ağıl.
Asif Atanın təlimi ilə tanış olandan sonra, eləcə də Avropanın müxtəlif filosoflarının kitablarını oxuyanda bir şeyə heyrət elədim ki, o, demək olar, Platondan, Aristoteldən, qədim Şərq müdriklərindən üzü bəri, dünyanın bütün filosoflarının kitablarını oxuyub. O, bütün dünya tənqidçiləri, şair və yazıçıları, dünya ədəbiyyatı, mədəniyyəti, fəlsəfəsi, din, incəsənət tarixi ilə tanış olub. Heyrətamiz bilgilər toplusunun nəticəsidir “Mütləqə İnam” kitabı. O, eyni zamanda dünyanın heç bir kitabında olmayan, yalnız ilahi vəhy, bir intuisiya yoluyla Asif Atanın özünə agah olan bilgilər və sirlərin məcmusundan ibarətdir. Artıq burada sadəcə şairə, filosofa, ədəbiyyat tənqidçisinə yer qalmır. Amma onların hamısı bir nöqtədə birləşir. Bu elmin adı məncə, hikmətdir. Asif Ata şübhəsiz hikmət sahibi idi. Bütün elmlərin hamısının üst qatında yerləşən bir elmdir hikmət elmi.
Asif Atanın təlimi ilə tanış olan və XX əsrin birinci yarısında yaşamış fransız mütəfəkkiri Renigenonun “Müasir dünyanın böhranı”nı oxuyan adam heyrətamiz bir oxşarlıq görür bunların arasında. Renigenon heyrətamiz bir paralelliklə Asif Atanın əsərlərində irəli sürdüyü fikirlərə yaxın gələrək deyir ki, müasir Avropa svilizasiyası bəşəriyyəti uçruma aparır. Müasir Avropa svilizasiyası bütün ilkin dəyərlərdən, ənənəvi və gözəl keyfiyyətlərdən uzaqlaşıb. İndi bircə yol qalır: Avropanın ən intellektual adamları, ən ağıllı başları Şərqə gəlməli, Şərqin qədim inanclarını, elmlərini, ziyalılığını mənimsəməli və onun qaymağını yığıb yenidən Avropaya qaytarmalı, Avropa elmini, mədəniyyətini ilkin Şərq təməli üzərində qurmalıdırlar. Ona görə də onun təlimi “ənənəçilik” adlanırdı.
Mənə elə gəlir ki, Asif Ata da hər şeyin qədim kökünə, tarixinə, ilkin mənbəyə qayıtmaq istəyirdi. Məsələn, o, ayların adını da ilkin ənənə üzrə yenidən adlandırırdı, dünyasını dəyişəndə də Azərbaycanın ən qədim yaşayış yerlərindən olan Örənqalada dəfn olunmasını vəsiyyət eləmişdi. Qədim inanclara uyğun olaraq onun qəbri Günəşə doğru baxmalıydı. Yəni təbiətə uyğun, təbiətlə harmoniyada olan bir insan idi. Və onun fəlsəfəsindəki təbiət kultu da İnsan və Dünyanın harmoniyasına, İnsanla təbiətin birliyinə əsaslanırdı.
Mən çox təəssüf edirəm ki, Asif Ata kimi nəhəng, fenomenal şəxsiyyət vaxtında öz qiymətini almadı. Bu, Azərbaycan ziyalılığının, elminin, ədəbiyyatının, fəlsəfəsinin faciəsidir. Ola bilsin ki, bu tədbirdə başqa filosoflar, fəlsəfə tarixçiləri var. Onların xətrinə dəymədən deyərdim ki, XX əsrdə yalnız yeganə orijinal fəlsəfi fikir səviyyəsinə yetən filosof – Asif Atadır. O, Azərbaycan fəlsəfəsi tarixində ilk dəfə olaraq özünün fəlsəfəsini yaratmışdı. Bizdə adətən çox adama “filosof” deyirlər, amma filosof başqa, fəlsəfə tarixçisi isə bir başqadır. Onun haqqında saatlarla danışmaq olar. Mən bir daha Azərbaycan ziyalılığının faciəsi sayıram ona olan müəyyən məlum münasibətləri. Halbuki hər şey tamamilə başqa cür də ola bilərdi. Normal elmi, mədəni bir mühitdə olsaydı. Belinskinin belə bir sözü var: “İnsan istedad baxımından inkişaf etdikcə onu dərk edənlərin çevrəsi getdikcə daralır və günlərin birində onu yalnız özü başa düşə bilir.” Görün, Asif Ata boyda böyük şəxsiyyəti özündən başqa nə qədər insanlar başa düşür. Bu qədər insanlar bura gəlibsə, Onun böyüklüyü ilə müqayisədə çox böyük kəmiyyət göstəricisidir. Çünki o, idrakın elə bir səviyəsində idi ki, əslində onu başa düşmək, sevmək, dəyərləndirmək asan deyildi. Ona görə də mən öz çıxışımı nikbin notlar üzərində qurtarmaq istəyirəm. Əgər bir insanın cismani ölümündən neçə illər keçdikdən sonra onun heç bir qan qohumu olmayan, yalnız ruhani bağlılığı olan onlarla adam onun tədbirini keçirirsə, onun əsərlərini dərc, ideyalarını təbliğ edirsə, açdığı cığırla gedirsə, artıq burada insan zəkasından yüksəkdə duran bir tale məsələsi var. Fenomenal bir faktorla izah oluna bilər bu. Ruhani adam idi o. Bəlkə də bu məclisdə əyləşənlərin içində bircə nəfər də olsun, onun qan qohumu yoxdur. Amma bunlar hamısı onun ruh qohumlarıdır. Bunun özü də bir peyğəmbərlik göstəricisidir. Çünki peyğəmbərlər insanları adi, bayağı, tayfa ünsiyyətindən, qan qohumluğundan daha yüksək, ümumbəşəri, ilahi ruh birliyinə dəvət edirlər. Mən bu tədbirin iştirakçılarını Asif Atanın ruhanilik prinsipinə uyğun olaraq Ruh birliyi nümayiş etdirərərk bura gəldiklərinə görə Asif Atanın ruhuna hörmət bəsləyən bir insan kimi, çox alqışlayıram. Hesab edirəm ki, Asif Ata dünyasını cismən dəyişib. Platon, Sokrat, Nəimi, Nəsimi kimi onun ruhu, ideyaları yaşayır və həmişə yaşayacaq. Diqqətinizə görə çox sağ olun.

Yazı arxivi
FƏLSƏFİ-BƏDİİ TƏNQİD
BAŞQA ƏSƏRLƏR
LİNKLƏR


Səhifənin başına qayıt